Əli Bayramlı rayonu
Əli Bayramlı rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-1963-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Əli Bayramlı şəhəri olmuşdur.
== Tarixi ==
Əli Bayramlı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 24 yanvar 1939-cu il tarixində Əli Bayramlı rayonunun 5 kənd sovetliyi Qazıməmməd rayonuna birləşdirilmişdir. Əli Bayramlı rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.
4 dekabr 1959-cu il tarixində Qazıməmməd rayonu ləğv edilmiş, ərazisi Əli Bayramlı rayonuna birləşdirilmişdir..
1961-cı il tarixli məlumata görə rayona 2 şəhər (Əli Bayramlı və Qazıməmməd şəhərləri), 1 şəhər tipli qəsəbə (Qaraçala) və 16 kənd sovetliyi (Azadkənd, Atbulaq, Vladimirovka, Güdəcühür, Kalinov, Qarabağlı, Qarasu, Minbaşı, Moranlı, Muğan Gəncəli, Navahı, Rəncbər, Udullu, Xələc, Çöl Beşdəli, Şıx Salahlı) daxil olmuşdur.Əli Bayramlı rayonu 4 yanvar 1963-cü il tarixində ləğv edilmiş, ərazisi Sabirabad, Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölünmüşdür..
== Əhali ==
1939-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 34 734 nəfər olmuşdur. Onların 76,4%-i azərbaycanlı, 18%-i rus, 2,1%-i ukraynalı, 1,1%-i isə ləzgi olmuşdur.
1959-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 76 446 nəfər olmuşdur.